1988-ci ilin fevral ayında Azərbaycan SSR-in Sumqayıt şəhərində baş vermiş faciəli hadisələr SSRİ-nin mövcudluğunun sön dövründə bəlkə də ən əlamətdar hadisələrdən biri olmuşdur.
Əhalisinin tərkibinə görə beynəlmiləlçi iri sənaye şəhəri olan Sumqayıtda sovet xüsusi xidmətlərinin təhriki ilə baş vermiş millətlərarası münaqişələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir növ katalizatoru olmuşdur.
Bu informasiya resursunda Sumqayıt hadisələrinin və Qarabağ münaqişəsinin bütövlükdə Sovet ittifaqının sonrakı taleyinə təsiri ilə bağlı materiallar toplanmış və qısaca təhlil edilmişdir.
XX əsrin 80-ci illərinin əvvəlində Sovet İttifaqında mürəkkəb bir dövr yaşanırdı. Bu dövr xarici siyasətdə uğursuzluqlar, beynəlxalq arenada dövlətin nüfuzunun azalması, iqtisadiyyatda mürəkkəb mürəkkəb vəziyyət yaranması, ölkə rəhbərliyində böhran kimi neqativ hallarla əlamətdardır. 1985-ci ilin mart ayında Mixail Qorbaçov Sov.İKP MK-nın Baş katibi vəzifəsinə seçiləndən sonra SSRİ-də “yenidənqurma” deyilən genişmiqyaslı islahatlar aparmaq cəhdləri dünya sosializm sisteminin iflası və SSRİ-nin dağılması ilə başa çatdı.
M.Qorbaçovun fərasətsiz milli siyasəti son nəticədə daxili siyasətdə misli görünməmiş amillərə, SSRİ-nin dağılmasına gətirib çıxardı. M.Qorbaçov və onun hakim komandası Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasında müstəsna neqativ rol oynamışdır. Bu münaqişə sovet quruluşunun dərin sistem böhranını tamamilə üzə çıxarmış oldu.
Bu informasiya resursunda toplanmış çoxsaylı faktlar əyani şəkildə göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasının səbəbləri barədə ermənilərin və bəzi xarici ölkələrin informasiya mənbələrində deyilənlər tamamilə yalandır. Tam əminliklə deyə bilərik ki, bu münaqişənin əsl səbəbi 1988-ci ilin fevral ayında Sumqayıtda baş vermiş hadisələr deyil, ondan daha əvvəl, hələ 1987-ci ildə başlanmış proseslər - Ermənistan SSR-dən azərbaycanlı əhalinin zorla qovulması olmuşdur. 1988-ci il fevralın axırlarında Sumqayıt faciəsi baş verən günlərdə artıq Ermənistandan qovulmuş ən azı 4 min qaçqın azərbaycanlı Sumqayıtda və Azərbaycanın digər şəhərlərində sığınacaq axtarırdı. Bu insanlar Ermənistan SSR-in partiya rəhbərliyi və hüquq mühafizə orqanlarının bilavasitə iştirakı ilə deportasiyaya məruz qalmışdı.
Ermənilərin müxtəlif terrorçu və millətçi təşkilatları hələ 1980-ci illərin ortalarında xeyli fəallaşmışdı. Erməni kilsəsinin və xaricdəki erməni diasporunun dəstəyinə arxalanan bu təşkilatlar azərbaycanlıların Ermənistandan və Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar vilayətindən (DQMV) zorla deportasiya edilməsi üzrə mahiyyətcə faşist planı həyata keçirməyə başlamışdılar. Hələ sovet dövründə erməni millətçi, terrorçu və hərbiləşdirilmiş qruplaşmalar azərbaycanlı əhaliyə qarşı zorakılıq və terror metodu ilə mifik “Böyük Ermənistan” yaradılması planını həyata keçirməyə başlamışdılar.
1980-ci llərin axırlarında və 1990-cı llərdə azərbaycanlıların zorla qovulması və bunun ardınca Qarabağ münaqişəsi Rusiya imperiyası tərəfindən ermənilərin Osmanlı Türkiyəsindən, İrandan və Yaxın Şərq ölkələrindən köçürülməsi ilə başlanmış, azərbaycanlı əhalinin öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılmasına yönəlmiş iki yüz illik siyasətin tərkib hissələrindən biridir.
Bu münaqişədə Azərbaycan terrorun və hərbi əməliyyatların hədəfinə çevrilmişdi. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, silahlı əməliyyatlar zamanı 20.000-dən çox azərbaycanlı həlak olmuşdur.





"Sovet İmperiyasının gizlinləri – Qriqoryanın işi"